Bahadır Vəlibəyov
Bahadır Qasım bəy oğlu Vəlibəyov (12 yanvar 1894, Çəmənli, Şuşa qəzası – 12 fevral 1940, Moskva) — Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR baş prokuroru, Stalin repressiyalarının qurbanı.
== Həyatı ==
Bahadır Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadır bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasının tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu.
1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov. İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır.
1920–37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur.
21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur.